ELM VƏ TƏHSİL
Gövhər Baxşəliyeva: Əmin ər-Reyhani dünya şərqşünaslığında adı hörmətlə çəkilən şəxsiyyətlərdəndir
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış ərəb məhcər ədibi Əmin ər-Reyhaninin anadan olmasının 140 illiyi münasibətilə elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, məhcər ədəbiyyatının görkəmli nümayəndəsi Əmin ər-Reyhani istər ərəb ədəbiyyatşünaslığında, istərsə də dünya şərqşünaslığında adı daim hörmətlə çəkilən şəxsiyyətlərdəndir. Təsadüfi deyil ki, görkəmli Azərbaycan alimi, professor Aida İmanquliyeva onun adını ərəb məhcər ədəbiyyatının Mixail Nuaymə, Cübran Xəlil Cübran kimi korifeyləri ilə bir sırada çəkmişdir. G.Baxşəliyeva ərəb məhcər ədəbiyyatını sistemli şəkildə keçmiş SSRİ məkanında ilk tədqiq edən alimin məhz Aida İmanquliyevanın olduğunu xatırladaraq, görkəmli alimin tədqiqatlarının əsasən bu sahə ilə bağlı olduğunu qeyd edib, onun məhz Əmin ər-Reyhaniyə həsr olunmuş tədqiqatlarından söz açıb.
Aida İmanquliyeva məktəbinin Şərqşünaslıq İnstitutunda davam etdirildiyi və ərəb məhcər ədəbiyyatına aid tədqiqatların aparıldığı, dissertasiyaların, monoqrafiyaların yazıldığı, məhcər ədiblərinin əsərlərinin tərcümə edilərək çap olunduğu vurğulanıb.
Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin böyük elmi işçisi Fatma Məcidova “Əmin ər-Reyhani yaradıcılığında Ərəb Şərqi” mövzusunda məruzə edib. Əmin ər-Reyhaninin realist bir şair, yazıçı-publisist olduğunu deyən məruzəçi ədibin yaradıcılığının Ərəb Şərqi ilə bağlı dövründən, ərəb ölkələrinə səyahətlərinə həsr etdiyi əsərlərindən danışıb. F.Məcidova bu əsərlərdə Əmin ər-Reyhaninin ərəb ölkələrində rastlaşdığı ictimai-siyasi, ədəbi-mədəni vəziyyət, ərəblərin etnoqrafiyası və s. barədə çoxlu orijinal fikir və düşüncələrin toplandığını qeyd edib.
Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin müdiri Vilayət Cəfərov “Əmin ər-Reyhaninin İraq təəssüratları” mövzusunda məruzə ilə çıxış edib. V.Cəfərov bildirib ki, Əmin ər-Reyhani Amerikada yazıb-yaratmasına baxmayaraq, onu ərəb dünyasının keçmişi, indisi və gələcəyi daim düşündürürdü. O, 1922-ci ildə ərəb ölkələrinə səyahətə çıxır və 14 ay ərəb torpaqlarında bir səyyah kimi dolaşmağa başlayır. Əmin ər-Reyhani Misir, Yəmən, İraq, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və s. ölkələrdə həm rəsmi dairələrdə, həm də yerli ictimaiyyət nümayəndələri ilə söhbətlər aparıb. Məruzəçi bildirib ki, bu yazıçı özü xristian ola-ola müsəlman-ərəb ölkələrində bu ölkələrin keçmişi və müasir durumu, gördükləri barədə bir sıra əsərlər yazıb. İraq təəssüratları onun ikicildlik “Ərəb kralları”, “İraqın qəlbi”, “Birinci Feysəl” kimi əsərlərində əks olunub.
Sonra institutun Şərq-Qərb şöbəsinin böyük elmi işçiləri Mahir Həmidovun “Əmin ər-Reyhaninin “Ərəb baharı” anlayışı və onun sosial-fəlsəfi mahiyyəti”, Xuraman Əliyevanın isə “Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqələrinin tədqiqatçısı kimi” mövzularında məruzələri dinlənilib.
Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.