REGİONLAR
Göyçay sahibkarları açıq məkanda reklam yerləşdirilməsi qaydaları ilə tanış olublar
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Şamaxı Regional Reklam İdarəsinin rəhbərliyi Göyçayda rayon aktivləri ilə görüşüb.
ADRA-dan AZƏRTAC-a bildirilib ki, iştirakçılara agentliyin gördüyü işlər və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların suallarını cavablandıran Şamaxı Regional Reklam İdarəsinin rəisi Haqverdi Hüseynov bildirib ki, təmsil etdiyi qurumun şəffaf fəaliyyəti reklam yayıcıları arasında azad rəqabəti daha da artırıb, bu sahədə fəaliyyət göstərən iş adamlarının işi xeyli asanlaşıb. Qeyd olunub ki, artıq açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar agentliyin rəsmi saytına (adra.gov.az) daxil olaraq, oradan qeydiyyat prosesi ilə yanaşı, dövlət rüsumları haqda da bütün məlumatları əldə edə, onlayn müraciət etməklə reklamlarını yayımlaya bilərlər.
İş adamlarına ADRA-nın 1412 Çağrı Mərkəzi haqda da məlumat verilib. Bildirilib ki, mərkəz istənilən vətəndaşın suallarını cavablandırır, daxil olan şikayət və təklifləri dərhal araşdırıb, lazımi tədbirlər görür. ADRA bu cür görüşlərin gələcəkdə digər regionlarda da keçirilməsini nəzərdə tutur.