REGİONLAR


Göyçayda Dövlət Müstəqilliyi Günü təntənə ilə qeyd edilib

Göyçay, 19 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edib. Xalqımız hər il bu əlamətdar günü çox böyük qürur hissi ilə qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Göyçay rayon Heydər Əliyev Mərkəzinin qarşısında “Müstəqilliyimiz əbədi və dönməzdir” mövzusunda keçirilən tədbirdə deyilib.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə müstəqillik gününün yaranma tarixi barədə məlumat verib. O, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadığını, müstəqillik üçün ikinci tarixi şəraitin 70 ildən sonra yarandığını bildirib. Xalqımız həmin imkandan yararlanaraq 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etməyə nail olub. M.Səlimzadə qeyd edib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb və inkişaf edərək regionun lider dövlətinə çevrilib.

Tədbirdə çıxış edən ziyalılar və fəal gənclər 26 il öncə öz müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin bir sıra çətinliklərlə qarşılaşmasından, eləcə də özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsindən, respublika ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən, 1 milyondan çox soydaşımızın yurd-yuvalarından didərgin düşməsindən bəhs ediblər.

Çıxışlarda müstəqillik illərində Azərbaycanın inkişafı və ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olduğumuz tərəqqi vurğulanıb. Qeyd edilib ki, bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət Azərbaycanı uğurlu gələcəyə aparır. Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğu vurğulanıb. Məlumat verilib ki, Dövlət Müstəqilliyi Günündə rayonun orta ümumtəhsil məktəblərində ilk dərslər bu əlamətdar tarixə həsr edilib.

Sonda bir qrup fəal şəxs Dövlət Müstəqilliyi Günü münasibətilə rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və təşəkkürnaməsi ilə təltif olunub. Bayram tədbiri yerli musiqiçilərin ifasında şən mahnılarla davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.