CƏMİYYƏT


Göyçayda İkinci Qarabağ müharibəsi şəhidi Əli Eyvazovun xatirəsi doğum günündə anılıb

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Göyçay rayonunun İkinci Qarabağ müharibəsi şəhidi Əli Eyvazovun əziz xatirəsi dərin hüznlə anılıb.

AZƏRTAC xəbər verir ki, doğum günündə şəhidin ailəsini ziyarət edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev Əli Eyvazovun ailəsinə başsağlığı verib. O, İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyini, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığını vurğulayıb.

Qeyd edək ki, yaşasaydı Əlinin 21 yaşı tamam olacaqdı. O, 2001-ci il iyunun 30-da Göyçay rayonunun Şəkər kəndində anadan olub. 2019-cu ildə məktəbi bitirdikdən sonra həmin il iyulun 3-də həqiqi hərbi xidmətə yollanıb. Beyləqan rayonunda xidmətdə olarkən 2020-ci ilin sentyabrın 27-dən İkinci Qarabağ müharibəsi döyüşlərində yaxından iştirak edib və Füzulinin azad olunması istiqamətində minomyot komandiri olaraq qəhrəmancasına vuruşub, oktyabrın 13-də şəhidlik zirvəsinə ucalıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Əli Eyvazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.