REGİONLAR
Göyçayda bayram yarmarkası – satıcılar da razı, alıcılar da
Göyçay, 13 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay Rayon İcra Hakimiyyətinin və rayon Kənd Təsərrüfatı İdarəsinin təşkilatçılığı ilə Qurban bayramı münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram günlərində rayonda süni qiymət artımının qarşısının alınması məqsədilə Göyçay şəhərinin mərkəzi küçəsində təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən aşağı müxtəlif ərzaq malları, un, quş əti, yumurta, pendir, şirniyyat, meyvə şirələri, makaron, balıq və digər məhsullar təqdim ediblər. Həmçinin 150-ə yaxın kənd təsərrüfatı məhsulu istehsalçısı yarmarkaya meyvə-tərəvəz, bal, bostan və süd məhsulları, mal və qoyun əti, göyərti, meyvə şirəsi, yumurta, toyuq və digər qida məhsulları çıxarıb.
Rayon sakinləri Qurban bayramı ilə əlaqədar keçirilən yarmarkanın əhəmiyyətini yüksək qiymətləndiriblər. Kəndli fermerlər yetişdirdikləri məhsulu rahat sata bilmələri üçün yarmarkada hər cür şəraitin yaradıldığını bildiriblər. Süni qiymət artımının qarşısının alınması üçün bu cür yarmarkanın keçirilməsinin əhəmiyyətini vurğulayan kənd əməkçiləri öz məhsullarını burada bazardakından daha ucuz sata bildiklərini qeyd ediblər.
Yarmarkanın təşkilindən satıcılarla yanaşı, alıcılar da razılıqlarını bildiriblər. Sakinlər bazarda və mağazalarda süni qiymət artımının qarşısını almaq üçün belə yarmarkaların təşkilinin davamlı olmasını arzu ediblər.
Bayram yarmarkasında 1 ton mal və qoyun əti, 4,5 ton meyvə, 4 ton tərəvəz və bostan, 500 kiloqram balıq məhsulları, 450 baş ev quşu satışa çıxarılıb. Yarmarkada alıcılara çəkisi 50 kiloqram olan bir kisə un 22 manata, bir ədəd yumurta 13 qəpiyə, bir baş ev quşu 4 manat 50 qəpiyə, bir kiloqram mal və qoyun əti 7 manata, bir kiloqram balıq 3,5 manata müştərilərə təqdim edilib. Yarmarkada qiymətlər bazarla müqayisədə 20-30 faiz ucuz olub.
Yarmarkaya ətraf rayonlardan da məhsullar gətirilib.