REGİONLAR
Göyçayda bir qrup qabaqcıl müəllimə fəxri fərman verilib
Göyçay, 5 oktyabr, AZƏRTAC
Göyçayda rayon icra hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında təşkil olunan tədbiri açan Təhsil şöbəsinin müdiri Elnur İsmayılov çıxışına ümummilli lider Heydər Əliyevin sözləri ilə başlayıb: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Ulu Öndərin ölkəmizdə təhsilin inkişafına, müəllim əməyinə verdiyi dəyərə diqqəti cəlb edən natiq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən təhsildə aparılan islahatlardan, təhsil işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə Beynəlxalq Müəllimlər Günü münasibətilə iştirakçıları təbrik edib, onlara şərəfli peşələrində uğurlar arzulayıb.
İcra hakimiyyətinin başçısı respublikamızın hər yerində olduğu kimi, son illər Göyçay rayonunda da ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat sahəsində ardıcıl tədbirlərin görüldüyünü, təhsil sahəsində uğurların qazanıldığını bildirib.
Tədbirdə 600-dən çox bal toplayan, məktəbi “Qızıl medal”la bitirən Qarakişi Quliyevin atası İlqar Quliyev çıxış edərək Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə hərtərəfli qayğısından danışıb, bütün bunlara görə dövlət başçısına minnətdarlığını bildirib.
Sonda bir qrup qabaqcıl müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanı və xatirə döş nişanı verilib.