REGİONLAR
Göyçayda faraş tərəvəz əkininin qızğın çağıdır
Göyçay, 9 mart (AZƏRTAC). Göyçayın kəndlərində əhalinin əsas gəlir mənbələrindən birini faraş tərəvəzçilik təşkil edir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda rayonun 30-dan artıq kəndində vətəndaşlar öz fərdi həyətyanı sahələrində və pay torpaqlarında faraş tərəvəz yetişdirirlər. Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır kəndlərində elə bir həyətyanı sahə yoxdur ki, orada istixanalar olmasın. Hər bir həyətyanı sahədə orta hesabla 2-3 və daha çox istixana mövcuddur. Hər istixanada isə təxminən 6 min pomidor şitili əkilir. İndi faraş tərəvəz əkininin qızğın çağıdır.
İstixanalarda pomidor yığımı mayın əvvəlində başlanacaqdır. Faraş tərəvəzçiliklə məşğul olanlar ildə iki dəfə məhsul götürə bilirlər. Cari ildə rayonda 230 hektar sahədə pomidor əkilməsi nəzərdə tutulur. Ötən il 223 hektardan 5700 ton məhsul toplanmış, istehsal olunan pomidorun təxminən yarısı Rusiya bazarlarına aparılmışdı.