REGİONLAR
Göyçayda kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar araşdırmalara başlanılıb VİDEO
Göyçay, 19 aprel, R.Türkoğlu, AZƏRTAC
Ötən gün Göyçayda kütləvi zəhərlənmə hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən restoranlardan birində baş verib. İftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib. Aprelin 19-na keçən gecə həmin 12 nəfərdən 10-u - Çərəkə kənd sakinləri Ürfan Bəkirov, Əliyar Bədirov, Rafiq Kərimov, Loğman Məmmədov, Cəlal Kərimov, Alim Xəlilov, Səxavət Nəbiyev, Orxan Davudov, Rəşid Məmmədov və İlkin Məmmədov ürəkbulanma və qusma əlamətləri ilə xəstəxanaya müraciət ediblər.
Göyçay Rayon Mərkəzi Xəstəxanasının həkimi Elməddin Rəhimovun verdiyi məlumata görə, ilkin müayinə zamanı həmin şəxslərdə mədə-bağırsaq pozuntusu aşkarlanıb. İlkin tibbi yardım göstərildikdən sonra onların mədə-bağırsaq sistemi yuyulub, terapiya aparılıb, ağırlaşma qeyd olunmayıb. Xəstələr nəzarətdə saxlandıqdan sonra ambulator şəraitdə evə buraxılıblar.
Restoran sahibi Saleh Əliyev isə hadisə barədə danışarkən deyib: “Ötən gün axşam saatlarında həmin 12 nəfər iftar açmaq üçün restorana gəlmişdi. Zərərçəkənlərin sözlərinə görə, onların zəhərlənmələrinə səbəb süfrəyə verilən pomidor-xiyar olub. Biz bu barədə dəqiq söz deyə bilmərik, çünki həmin tərəvəz məhsullarını bazardan alırıq. Bilirinsiniz ki, pomidor-xiyarın yetişməsi üçün ona müxtəlif cür dərmanlar vurulur. Zərhərlənməyə bu da səbəb ola bilər, başqa məhsul da. Araşdırmadan sonra dəqiq məlumat biləcəyik”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi hadisə baş verən restorana baxış keçirib. Qidalardan nümunələr götürülüb və laboratoriyaya göndərilib. Analizlərin cavabı çıxdıqdan sonra açıqlama veriləcəyi bildirilib.
Agentliyin mətbuat katibi Aysel Fərziyeva: “Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəsisləri tərəfindən araşdırmalara başlanılıb və sözügedən araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 10 nəfərin qida zəhərlənməsi diaqnozu əsasında xəstəxanaya müraciət etməsi ilə bağlı polis şöbəsinə də məlumat daxil olub. Regional qrupun baş inspektoru Mahir Məsimov bildirib ki, daxil olmuş məlumatla əlaqədar ilkin araşdırma aparılır və toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokrorluğuna göndərilib.