REGİONLAR
Göyçayda uzun illər istifadə olunan beton kanal əsaslı təmir edilib VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
Göyçay rayonunda 26448 hektar əkin sahələrinin suvarılması üçün 3 su mənbəyindən istifadə edilir. Göyçay çayı vasitəsilə 7069 hektar, Yekəxana su anbarı vasitəsilə 1607 hektar və Yuxarı Şirvan Kanalı vasitəsi ilə 17772 hektar sahə suvarılır. İdarə tərəfindən su itkisinin qarşısının alınması və uzun müddət istismar edilən beton kanalların əsaslı təmir olunaraq yenidən fermerlərin istifadəsinə verilməsi istiqamətində xeyli iş görülüb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Yekəxana su anbarından təsərrüfatlara suyu çatdıran Qarayazı beton kanalının yararsız hissələri qazılıb çıxarılaraq, yerinə yeni beton kanal çəkilib. Qarayazı beton kanalına texniki baxış keçirildikdən sonra kanal üzərində olan akveduk və dükerlərdə əl ilə təmizləmə işləri aparılıb və bütün qurğular işlək vəziyyətə gətirilib.
İdarə tərəfindən ötən 2021-ci ildə 80 ədəd hidrotexniki qurğuda cari təmir işləri aparılıb. Ayrı–ayrı mənbələrdən suvarma suyunu götürərək su istifadəçilərinə çatdırılması məqsədilə Göyçay Suvarma Sistemləri İdarəsinin balansında olan 205,8 kilometr təsərrüfatarası kanal və 1516 kilometr təsərrüfatdaxili kanallardan istifadə edilir. Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il 1056 min kubmetr həcmdə, yəni 528 kilometr məsafədə lildən təmizləmə işləri aparılıb. O cümlədən Qaraxıdır, Bığır, Hacalıkənd II, Şəkər II, Ləkçıplaq I, Qarabaqqal I, Çaxırlı, Potu, Mirzəhüseynli, Yalman, Qaraman, Mallı-Şıxlı, Xəlitli, Qarayazı, Çərəkə, Ərəb II və Yeniarx arxında və başqa arxlarda lildən təmizləmə işləri həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ildə Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən tədbirlər planına uyğun olaraq Göyçay çayının məcrasında 672 min kubmetr həcmdə məcra təmizləmə işləri aparılıb. 2022-ci ildə suvarılmanın mütəşəkkil aparılması üçün hazırlıqlar da davam edir.