REGİONLAR
Göyçayın Alıkənd və Qaraxıdır kəndlərinə təbii qaz verilib
Göyçay, 28 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunun daha iki ucqar yaşayış məntəqəsinə uzun illər fasilədən sonra təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, rayonun Alıkənd və Qaraxıdır kəndlərinə təbii qazın verilməsi münasibətilə iyulun 28-də keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Qaraxıdır kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 824 metr polietilen və 29720 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 337 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Həmçinin Alıkənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 958 metr polietilen və 11480 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Evlər sayğac və fərdi tənzimləyici ilə təmin olunub.
Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər.
Sonra kəndə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.
Qeyd edək ki, hazırda Göyçay rayonunun daha 9 yaşayış məntəqəsinin - Çaxırlı, Ləkçiplaq, Mırtı, Şəkər, Yalman, Bəydövül, Çərəkə, Çərəcə və Yeniarx kəndlərinin qazlaşdırılması işləri görülür.