REGİONLAR
Göyçayın daha bir kəndinə təbii qaz verilib
Göyçay, 14 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunun daha bir ucqar yaşayış məntəqəsinə uzun illər fasilədən sonra təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, rayonun Müskürlü kəndinə təbii qazın verilməsi münasibətilə iyulun 14-də keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər. Qeyd olunub ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2900 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9510 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 124 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Kənd ağsaqqalları, ziyalılar əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər. Sonra kəndə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.
Qeyd edək ki, hazırda Göyçay rayonunun daha 11 yaşayış məntəqəsinin - Çaxırlı, Alıkənd, Ləkçıplaq, Mırtı, Qaraxıdır, Şəkər, Yalman, Bəydövül, Çərəkə, Çərəcə və Yeniarx kəndlərinin qazlaşdırılması işləri davam etdirilir.