REGİONLAR
Göygöl Milli Parkındakı qida bolluğu heyvan və quşların sayında artıma səbəb olub
Göygöl, 8 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Göygöl Milli Parkında mühafizə tədbirlərinin gücləndirilməsi, təbiətə yad təsirlərin aradan qaldırılması ərazidə qida bolluğu yaradıb ki, bu da müxtəlif heyvan və quş növlərinin sayında artıma səbəb olub.
Bu barədə AZƏRTAC-a müsahibəsində Göygöl Milli Parkının elmi işçisi Fuad Quliyev məlumat verib.
Ərazidə Azərbaycan təbiətinin ən nadir fauna və flora növlərinin yayıldığını deyən elmi işçi bildirib ki, hazırda Göygöl Milli Parkında 80-i nadir ağac və kol bitkisi olmaqla 423 adda flora növü qorunur. Həmçinin Milli Parkda tibbi əhəmiyyətli zəli və 100 adda dərman bitkisi də mühafizə edilir.
Fuad Quliyev qeyd edib ki, 1925-ci ildə ölkəmizdə ilk dəfə təbiəti mühafizə zonası olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılıb. 2008-ci ildən isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Göygöl Milli Parkı təşkil edilib. Bununla da dövlət tərəfindən xüsusi mühafizə olunan Göygöl Milli Parkının ərazisi 6 min 739 hektardan 12 min 755 hektara qədər genişləndirilib.
F.Quliyev vurğulayıb ki, yüksəklik fərqi dəniz səviyyəsindən 1100-3724 metr arasında dəyişən milli park ərazisində yalnız ölkəmizin təbiətinə xas bitki nümunələri deyil, həm də fauna növləri - Qafqaz maralı, ceyran, cüyür, dağ keçisi, qonur ayı, canavar, tülkü, vaşaq, meşə pişiyi, porsuq, samur, dovşan, dələ, göllərdə qırmızı xallı balıq, eləcə də Xəzər uları, tetra, qara kərkəs, kəklik kimi quşlar mühafizə olunur.