CƏMİYYƏT
Göygöl rayonunda keçmiş heyvandarlıq sovxozunda 25 ədəd zenit-top mərmisi aşkarlanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də saat 17:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunda keçmiş heyvandarlıq sovxozunun ərazisində xeyli sayda partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 25 ədəd 30 millimetrlik zenit-top mərmisi (OFZ) aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Havanın qaranlıq olması ilə əlaqədar olaraq ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı növbəti gün də davam etdiriləcək.