REGİONLAR
Göygöl rayonunda ümumtəhsil məktəblərini 10 mindən çox şagird bitirib
Göygöl, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC
Builki tədris ilində Göygöl rayonundakı 50 təhsil müəssisəsindən 38 tam orta məktəbdə “Son zəng” çalınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kövrək duyğuların yaşandığı “Son zəng” tədbirləri şagirdlərin təhlükəsizliyi təmin olunmaqla, bilavasitə ümumtəhsil məktəblərində təşkil edilib.
Rayonun bütün orta təhsil müəssisələrində keçirilən “Son zəng” tədbirlərində məktəb kollektivi ilə yanaşı, təhsil şöbəsinin nümayəndələri və valideynlər də iştirak ediblər.
Bildirilib ki, rayon üzrə 10-u ümumi orta, 1-i ibtidai, 1-i texniki-təbiət təmayüllü lisey, 38-i isə tam orta məktəb olmaqla, ümumilikdə, 50 təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə təhsil alan 10 min 129 şagird üçün bu ilin “Son zəng”i çalınır. Həmin şagirdlərdən 783 nəfəri 9 illik ümumi orta, 651 nəfəri isə tam orta məktəbi bitirir.
Qeyd edilib ki, bu tədris ili də Göygöl rayonu məzunlarının Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarında yüksək nəticələri ilə yaddaqalan olub. Əksər məktəblərin ucqar dağ kəndlərində yerləşməsinə baxmayaraq, builki qəbul imtahanlarında 14 nəfər 600-dən yüksək bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni 3, 4, 6 saylı məktəblərin, texniki-təbiət təmayüllü liseyin, eləcə Balçılı və Pənahlar kənd məktəblərinin məzunları göstəriblər.
Qəbul imtahanlarında Göygöl rayonu üzrə ən yüksək nəticə isə 6 saylı tam orta məktəbdə qeydə alınıb. Bu məktəbin XI sinif məzunu Nüşabə Məmmədova 2-ci qrup üzrə 685 bal toplayıb.
“Son zəng” tədbirlərində çıxış edənlər məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onlara vətəni, milləti sevməyi, dövlət və dövlətçilik ənənələrinə sadiq fərd olaraq yetişmələrini tövsiyə ediblər.
Aşağı sinif şagirdləri isə məzunları şeir və maraqlı rəqslərlə təbrik ediblər.
Məktəb həyatı ilə vidalaşan məzunlar bu illər ərzində bir yerdə olduqları sinif yoldaşlarından, müəllimlərindən ayrıldıqları üçün kədərləndiklərini bildiriblər. Onların ifasında səsləndirilən mahnılar, təqdim olunan rəqslər maraq və alqışlarla qarşılanıb. Tədbirdə, həmçinin tədris ili ərzində idman və fənn olimpiadalarında qalib gələn şagirdlərə, habelə fərqlənən müəllimlərə diplom və fəxri fərmanlar təqdim olunub.
Sonda şagirdlərin 11 illik məktəb həyatına yekun vuran “Son zəng” çalınıb.