REGİONLAR
Göygöl şəhərində “Cənubi Qafqazda alman irsinin qorunub saxlanması” mövzusunda Azərbaycan-Almaniya birgə konfransı keçirilir
Konfransdan əvvəl Göygöldə yaşamış sonuncu alman Viktor Klaynın evində Cənubi Qaqazda alman irsi muzeyi yaradılması barədə konsepsiya sənədi imzalanıb.
AZƏRTAC xəbər verir ki, konfransı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov açaraq mədəni irsin qorunması və onun regional inkişafı üçün mövcud potensial imkanlardan danışıb. O, qeyd edib ki, son illər rayona gələn Almaniya dövlətinin nümayəndələrinin və turistlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb. Əsası 1819-cu ildə almanlar tərəfindən qoyulan və Helenendorf adlandırılan indiki Göygöl şəhəri iki ölkə arasında sosial, iqtisadi, mədəni və ictimai əlaqələrin daha da genişləndirilməsinə öz töhfələrini verir. Burada yaşamış sonuncu alman Viktor Klaynın evi 1886-cı ildə inşa edilib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmin evin alman icmasının muzeyinə çevrilməsi ilə bağlı qərar qəbul edilib. Mənzilin sahibinə məxsus evdə olan 1893 əşya inventarlaşdırılıb. Bundan sonra isə həmin ev Cənubi Qafqazda alman irsi muzeyi kimi fəaliyyət göstərəcək.
Sonra Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mossinger çıxış edərək Göygöldə alman arxitekturası üslubunda salınan 6 küçənin əvvəlki görkəmini saxlamaqla əsaslı şəkildə yenidən qurulmasını Azərbaycanda beynəlmiləlçilik ənənələrinin uğurla davam etdirilməsi kimi dəyərləndirib.
Tədbirdə Azərbaycan və Almaniyadan olan işçi qrupları tərəfindən müxtəlif layihələr təqdim olunub. Yeni yaradılacaq muzey üçün Rusiya almanlarının tarixinə dair konsepsiya sənədinin hazırlanması təklif edilib.
Konfrans sentyabrın 18-də öz işini seminarlarda davam etdirəcək.