CƏMİYYƏT
Gözdən əlillər üçün yeni layihə təqdim edilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsindəki Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzində gözdən əlillər üçün “Daktil öyrənək-daktil əylənək” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Əlil Ziyalılar və Gözdən Əlillər Cəmiyyəti İctimai birlikləri tərəfindən icra edilmiş layihənin təqdimatına həsr olunan tədbirdə əlil təşkilatlarının nümayəndələri, 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri və gözdən əlillər iştirak ediblər.
Tədbiri açan mərkəzin direktoru Saday Abdullayev müəssisənin MDB ölkələri arasında analoqu olmadığını və burada gözdən əlillərin reabilitasiyası üçün hər cür imkanın yaradıldığını deyib. Bildirib ki, müəssisədə görmə imkanları məhdud olan yeniyetmə və gənclərin tibbi, peşə, sosial, əmək, idman məşğələləri və abilitasiyalarının təşkili üçün beynəlxalq standartlara cavab verən şərait var. Belə ki, görmə imkanları məhdud şəxslərin üç ay müddətində reabilitasiya kursuna cəlb edilərək brayl əlifbasına, kompüter biliklərinə, incəsənətin müxtəlif növlərinə, üzgüçülük, yüngül atletika və idmanın digər növlərinə yiyələnmələri mümkündür.
Layihə rəhbəri Reyhan Cəfərova bildirib ki, ölkəmizdə ilk dəfə olaraq görmə imkanları məhdud uşaqlar üçün daktil - yəni, əllə hiss olunan kitabların, dərs vəsaitləri və intellektual oyuncaqların hazırlanmasına başlanılıb. O deyib ki, layihə çərçivəsində daktil kitab, vəsait və oyuncaqlardan istifadə kor və zəif görən uşaqlarda erkən müdaxilə yolu ilə kiçik əl motorikasının inkişafının sürətləndirilməsinə və ətraf aləmin görüntülü şəkildə dərk edilməsinə kömək edəcək.
Qeyd olunub ki, layihə görmə imkanları məhdud yeniyetmələrin peşələrə yiyələnməsində, məşğulluq məsələlərinin həllində, eləcə də cəmiyyətə inteqrasiyasında da müsbət rol oynayacaq.
Mərasimdə çıxış edən həkim, oftalmoloq və gözdən əlillər layihənin uğurla həyata keçirilməsi üçün müxtəlif təkliflər veriblər.
Tədbirin sonunda görmə imkanları məhdud olanlar üçün tiflofilm nümayiş olunub.