QAN YADDAŞI
Gözünü sabaha dikdi şəhidlər...
Bakı, 20 yanvar, G.Mahmudlu, AZƏRTAC
İyirmi səkkiz il əvvəl bu gün Azərbaycan xalqı həm kədərli, həm də şərəfli tarixini yaşadı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əliyalın, dinc əhaliyə divan tutdu. Neçə-neçə qəhrəman oğul və qızlarımız azadlıq uğrunda canlarından keçdilər. İtkilərə baxmayaraq, xalqımızın əzmi qırılmadı, haqq səsi boğulmadı. Mübarizəni davam etdirib şəhidlərimizin uğrunda əbədiyyətə qovuşduqları müstəqilliyi əldə etdik. Suverenliyimizin memarı olan vətən övladları heç zaman unudulmayacaq, xatirələri daim yad olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri 20 Yanvar faciəsinin 28-ci ildönümündə Şəhidlər xiyabanını ziyarət edən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü kurs tələbəsi Elxan Fəxrəddinoğlu deyib.
O, həmin qanlı şənbə gecəsinin şahidi olmasa da, bununla bağlı ailə üzvləri tərəfindən məlumatlandırıldığını bildirib. E.Fəxrəddinoğlu gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüməsi üçün vətən fədailərinin qəhrəmanlıqlarının onlara aşılanmasının zəruriliyini vurğulayıb.
Tələbə gənc şəhidlərin uyuduğu müqəddəs and yerimiz olan Şəhidlər xiyabanını ziyarət etməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu söyləyib.