CƏMİYYƏT
Güclü dövlət yüksək inkişaf etmiş informasiya məkanına malik olan dövlətdir
Bakı, 29 iyul, AZƏRTAC
Cəmiyyətin indiki inkişaf mərhələsində həyatımızı mediadan və internetdən alınan məlumatlar olmadan təsəvvür edə bilmirik. Aldığımız məlumatın sayı getdikcə artır və nəticədə insan informasiyanı adekvat qiymətləndirə və emal edə bilmir. Bu zaman əksər hallarda insan hər şeyi həqiqət kimi götürür ki, bu da kütləvi şüurun təhrif olunmasına gətirib çıxarır. Xüsusilə cəmiyyətdə fikir formalaşdıranlar bu məlumatı bilərəkdən, qərəzli şəkildə və ya bilmədən ictimailəşdirərək müzakirə obyektinə çevirirsə, bu, daha acınacaqlı forma alır.
Bu fikirləri Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli AZƏRTAC-a açıqlamasında deyib.
R.İsgəndərli bildirib ki, məlumatı yoxlamadan onu daha geniş kütlə arasında yaymaq xaos və çaşqınlıq yarada bilər. Total informasiya müharibəsinin getdiyini başa düşən insanlar oxuduqları, gördükləri, eşitdikləri məlumatların doğru olub-olmadığını öyrənməyə çalışırlar. Amma bəzən informasiya müharibəsi şəraitində insanlara nəyisə sübut etməyə çalışmaq qeyri-mümkün hala çevrilə bilir.
İctimai Birliyin sədri qeyd edib ki, hazırda güclü dövlət yüksək səviyyədə inkişaf etmiş informasiya məkanına malik olan dövlətdir. Bu baxımdan ölkələr elə bir dövlət sistemi yaratmağa çalışır ki, informasiya-psixoloji savaşına qarşı təsirli müdafiə əsaslı dövlət sistemi yaratsın. Təbii ki, əgər biz ölkəmizin güclü dövlət olmasını istəyiriksə, bu işdə hər birimiz yardımçı olmalıyıq. İnformasiya-psixoloji savaşda bizdən tələb olunan yalnız bir amil var: informasiya məkanında ayıq-sayıq olaq, dezinformasiyalara uyub düşmənin dövlətimizə qarşı informasiya həmlələrində alətə çevrilməyək. Xüsusilə, cəmiyyətdə nüfuzu olan, sosial mediada paylaşdıqları məlumat ictimai müzakirəyə səbəb olan şəxslər bilərəkdən dezinformasiyaların yayılmasını və onun ictimai müzakirəsini həyata keçirirsə, həmin şəxslər qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb olunmalıdırlar.
“Təsadüfi deyil ki, bir neçə gün əvvəl Baş Prokurorluğun media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə ünvanlandığı tövsiyələrdə qeyd olunur ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq, sosial şəbəkələrdə zorakılığın, dini ekstremizmin təbliğinə yönələn, təhqir və böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan, dövlət sirri təşkil edən, intiharı təbliğ edən, uşaqlar üçün zərərli olan və digər qadağan edilmiş məlumatların yayımlanmasının qarşısının alınması daim nəzarətdə saxlanılmaqla qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi təmin edilir. Bütün yuxarıdakı qeyd edilənlərə əsasən, dezinformasiya təsirini minimuma endirməyə kömək edəcək bir neçə sadə məqama toxunmaq istəyirəm:
- Əvvəla, emosional təsirə məruz qalmamaq üçün məlumatı görmək və ya dinləməkdənsə, oxumaqla qavramağa çalışın. İnsan oxuyanda daha tənqidi fikirləşir və asanlıqla aldanmır. Əgər hansısa məlumatda manipulyasiya kəşf etmisinizsə, həmin məlumat artıq sizə təsir etməyəcək. Heç bir mənbəyə əsassız etibar etməməlisiniz.
- Onu da bilmək lazımdır ki, informasiya müharibələri addım-addım aparılır. Yüksək dərəcədə gərgin dezinformasiyaların yayım tempini uzun müddət saxlamaq mümkün deyil. Buna görə də informasiya müharibəsində əsasən ən gərgin anlarda belə mövzulardan qorunmağa çalışmaq məqsədəuyğundur”, - deyə R.İsgəndərli bildirib.