CƏMİYYƏT
Güclü təsiredici xüsusiyyətə malik həbləri satan şəxs cinayət başında yaxalanıb
Bakı, 15 dekabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı tədbirləri qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə keçirilən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən xeyli sayda güclü təsiredici həblər götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Eyyub Novruzov güclü təsiredici xüsusiyyətə malik 100 ədəd metodon həbini satarkən cinayət başında yaxalanıb.
Həmin həbləri ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Niftiyev də polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb. Ondan isə 80 ədəd metodon həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.