CƏMİYYƏT
Gülər Quluzadə: Ulu Öndərin böyük siyasətə qayıdışı müstəqillik tariximizin Qurtuluş gününə çevrildi
Bakı, 14 iyun, AZƏRTAC
Orta və yuxarı yaşlılar 26 il əvvəl - 1993-cü ilin ortalarında ölkədə yaranmış vəziyyəti, baş verən hadisələri yaxşı xatırlayırlar. İndi həmin hadisələri xatırlamağın özü də ağırdır. O vaxt Azərbaycan lacivərd suların qoynunda üzən yelkənsiz və kapitansız gəmiyə bənzəyirdi. Əsən küləklər, şahə qalxan dalğalar onu hara gəldi apara bilərdi, - deyə Bakı 2 nömrəli Tibb Kollecinin müəllimi, Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının sədri Gülər Quluzadə söhbətə başlayır.
O, həmin dövrdəki xaos və özbaşınalıqları yada salaraq AZƏRTAC-ın müxbirinə deyib: “1992-ci ilin yayında ölkə bir qrup səriştəsiz, heç bir idarəçilik və dövlətçilik təcrübəsi olmayan təsadüfi adamların əlinə düşmüşdü. Hər gün cəbhə bölgələrindən bir-birindən dəhşətli xəbərlər gəlirdi. Kəndlər, qəsəbələr, yaşayış məntəqələri boşaldılır, erməni hərbi birləşmələri həmin əraziləri ələ keçirərək ölkəmizin içərilərinə doğru addım-addım irəliləyirdi. Hər gün şəhid qanı tökülür, qurbanlar verilirdi. Ölkənin daxilində yiyəsizlik və başıpozuqluq hökm sürürdü. Müəssisələr, zavod və fabriklərin çoxu işləmirdi, vaxtlı-vaxtında əməkhaqqı almaq müşkülə çevrilmişdi. İqtisadi vəziyyət günü-gündən pisləşirdi, mədəni və sosial həyatda bir durğunluq hökm sürürdü. İş o yerə çatmışdı ki, camaat gecə yarısından küçələrdə çörək növbəsinə dayanırdı. O illərdə nəinki benzin, yanacaq, elə bil qənd, şəkər tozu, çörək də ərşə çəkilmişdi. Gündüzün günorta çağı hərbi geyimli adamlar küçələrdə gəzişirdi. Ən dəhşətlisi o idi ki, yaranmış vəziyyətdə məsuliyyəti öz üzərinə götürməyə hazır olan bir hökumət adamı, vəzifə sahibi yox idi. Azərbaycan öz dövlətçiliyini, şəhid qanı hesabına əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı”.
Hər qaranlıq axşamın bir gündüzü, hər zülmət gecənin bir sabahı var, deyiblər. O vaxt xalqın ümid etdiyi yeganə bir şəxsiyyət var idi, o da Naxçıvanda Ali Sovetə rəhbərlik edən böyük və görkəmli siyasətçi Heydər Əliyev idi.
Kollecin müəllimi deyib: “Tale, zaman və tarix Heydər Əliyevi yenidən böyük siyasət meydanına çıxardı. O, bu meydanın ən güclüsü, ən qüdrətlisi, ən böyüyü olduğunu və öz istedadı, bacarığı, təcrübəsi ilə doğma xalqının arzularının gerçəkləşdirə biləcəyini bir daha sübuta yetirdi. Məhz belə çətin və mürəkkəb tarixi şəraitdə xalqın təkidli tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev ölkəni xaosdan tərəqqiyə aparan yolun əsasını qoydu. “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqıma bağışlayıram”, - deyən dahi şəxsiyyət öz titanik fəaliyyətini doğma millətinin tərəqqisinə yönəltdi.
Həmin vaxtdan sonra xalqın mənafeyinə xidmət edən cəmiyyətin qurulmasında həlledici addımlar atılaraq, ümumbəşəri dəyərlərə söykənən yeni ideologiyanın əsası qoyuldu. Beynəlxalq prinsiplərə əsaslanan dövlət quruculuğu prosesinə start verildi, ölkəmizin siyasi və iqtisadi tərəqqisi dövlətçiliyin möhkəmlənməsində mühüm yer aldı. Azərbaycanın milli maraqlara xidmət edən xarici siyasəti, beynəlxalq təşkilatlarla əlaqələri siyasi perspektivlərə əsaslanan xətt boyunca inkişaf etməyə başladı. Bazar iqtisadiyyatının bərqərar olması, ölkənin dünyaya inteqrasiyası, yüksək səmərəliliyə malik iqtisadi islahatlar, özəlləşdirmə proqramının həyata keçirilməsi Heydər Əliyevin uzaqgörən siyasətinin prioritetlərindən idi”.
Gülər Quluzadə daha sonra əlavə edib: “İnsan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün ölkədə əsaslı zəmin yaradan xalqımızın ümummilli liderinin apardığı daxili siyasət hər bir Azərbaycan vətəndaşının rifahını yaxşılaşdırdı, onların demokratiya şəraitində azad yaşamaq hüququnu təmin etdi. Ötən illər ərzində ölkədə həyata keçirilən islahatların uğurlu nəticələri, bütün sahələr üzrə əldə olunan uğurlar 15 iyunun xalqımız üçün böyük əhəmiyyət daşıdığını bir daha təsdiqlədi. Ulu Öndərin böyük siyasətə və müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışı ilə əlamətdar olan 1993-cü ilin 15 iyunu müstəqillik tariximizə yeni, mühüm bir dövrün başlanğıcı kimi - Milli Qurtuluş Günü kimi əbədi həkk olundu”.