İDMAN
Güləşçimiz Dünya Güləş Birliyinin yeni reytinq siyahısında birincidir VİDEO
Bakı, 6 aprel, AZƏRTAC
Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. AZƏRTAC xəbər verir ki, ikiqat Dünya çempionu, son Avropa çempionatının bürünc medalçısı Hacı Əliyev (61 kq) öz çəkisində mövqeyi dəyişməyərək birinci pillədə yer alıb.
Riqada keçirilən son Avropa çempionatının gümüş medalçısı Cəbrayıl Həsənov (74 kq) 5 pillə irəliləyərək 9-cu sırada qərarlaşıb. Reytinqdəki mövqeyini yaxşılaşdıran daha bir güləşçimiz isə Aleksandr Qostiyevdir (86 kq). Avropa çempionatında qazandığı gümüş medal güləşçimizi 10-cu sıradan 3-cü sıraya yüksəldib. Reytinqdə 5-ci yer sahibi Olimpiya çempionu Toğrul Əsgərovun (65 kq) da mövqeyində dəyişiklik olmayıb.
Digər pəhləvanlardan Cəmaləddin Məhəmmədov isə 5-ci (125 kq), Xetaq Qazyumov (97 kq) 6-cı, Hacımurad Ömərov (70 kq) 12-ci, Nurməhəmməd Hacıyev (86 kq) və Şərif Şərifov (97 kq) 13-cü, Məhəmmədhacı Xatiyev (86 kq) 17-cidir.