REGİONLAR
“Gulfood–2021” sərgisində Naxçıvan məhsulları maraqla qarşılanır
Naxçıvan, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan, o cümlədən Naxçıvan məhsulları fevral 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hər il ənənəvi təşkil olunan “Gulfood-2021” beynəlxalq qida sərgisində nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə muxtar respublikada fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin 86 çeşiddə vafli, biskvit, lokum, limonad və çay məhsullarının, muxtar respublikanın dünyada tanınan, brend məhsullarından olan Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin 8 çeşiddə “Sirab” və “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 çeşiddə “Badamlı” mineral suyunun “Made in Azerbaijan” stendində nümayişi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təmin olunub.
Ölkəmizin qida sənayesi sahəsində fəaliyyət göstərən 15 şirkətinin müxtəlif növ və çeşiddə sərgilənən məhsulları arasında Naxçıvan məhsulları da ziyarətçilər və mütəxəssislər tərəfindən böyük maraqla qarşılanır.
Yerli istehsal məhsullarının ixrac potensialının artırılması, xarici bazarların araşdırılması, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi məqsədilə naxçıvanlı sahibkarlar “Gulfood-2021” sərgisi çərçivəsində görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.