REGİONLAR
Güloğlan Bağırov: İdeyalar insanların şüuruna hakim kəsiləndə real qüvvəyə çevrilir
Lənkəran, 28 noyabr, Bağır Əliyev, AZƏRTAC
Ötən əsrin 80-ci illərinin sonlarında keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçovun “yenidənqurma”, “aşkarlıq” və “demokratiya” oyunundan bol-bol yararlanan erməni separatçıları Qarabağın Ermənistana birləşdirilməsi uğrunda mübarizəyə başladılar və beləliklə də, xalqımızın 30 illik faciələrinin, soyqırımının, qaçqın və məcburi köçkün həyatının dəhşətli günləri başladı...
Bu sözləri Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində bildirib.
Qarabağ və ətrafındakı rayonların işğal olunduğunu, bu ərazilərdən və Ermənistandan bir milyondan çox qaçqın və məcburi köçkünün Bakı, Sumqayıt və respublikamızın digər rayonlarında yerləşdiyini vurğulayan lənkəranlı ziyalı deyib: “Bu dərd təkcə köçkünlük dərdi idimi? Əlbəttə, yox! Bu dərd Vətən həsrəti olmaqla yanaşı, 20 Yanvar, Xocalı faciəsi idi. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli dərdi idi. 20 mindən çox Vətən oğlunun şəhidliyi dərdi idi. On minlərlə yaralının, əlilin dərdi idi. Dağıdılmış kəndlərin, qəsəbələrin, şəhərlərin, tarixi abidələrin, dini ocaqların, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının dərdi idi. Talan edilmiş yeraltı və yerüstü sərvətlərin dərdi idi. Erməni faşistlərinin xalqımızın milli hissləri ilə oynamaq dərdi idi.
Öz-özümə düşünürəm, görəsən, bu 30 illik yolu necə keçdik? Bu dərdlərə necə dözdük? Təbii ki, cavab o qədər də sadə və asan deyil.
Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra onun işləyib hazırladığı və həyata keçirtdiyi daxili siyasətin əsas istiqamətlərindən biri ölkədə sabitliyi təmin etmək, iqtisadi və hərbi gücü möhkəmləndirmək, məcburi köçkün və qaçqınların problemlərinə xüsusi diqqətlə yanaşmaq təşkil edirdi.
Ulu Öndər bütün görüşlərində, xarici səfərlərində, tədbirlərdə böyük uzaqgörənliklə və inamla qeyd edirdi ki, biz mütləq o torpaqlara qayıdacağıq. Xarici ölkələrə səfərləri zamanı işğal faktını, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırır, bizim işimizin haqq, ədalət işi olduğunu səbirlə, təmkinlə izah edirdi. Baxmayaraq bu, o qədər də asan deyildi. Böyük təcrübə, savad, səbir, təmkin, diplomatik səylər tələb edirdi. Amma Ulu Öndər bu işin öhdəsindən bacarıqla gəlirdi.
Böyük rəhbərimiz xalqımızı və dünya ictimaiyyətini işimizin haqq, ədalət işi olduğuna bacarıqla inandırırdı! Doğma yurdu qəddar, vəhşi yağıların əlində qalan insanlara ümid verirdi, səylə inandırırdı ki, bir gün biz o torpaqlarımıza qayıdacağıq! Ulu Öndər bütün varlığı ilə xalqın milli ruhunun aşağı düşməsinə, pessimizmin yaranmasına imkan verməməyə çalışırdı və buna nail olurdu.
Bu siyasəti Prezidentimiz, Ali Baş komandan İlham Əliyev 17 illik hakimiyyəti dövründə hər an bütün varlığı ilə, sədaqətlə davam etdirdi və hər dəfə də qeyd edirdi ki, biz bu işğalla barışmayacaq, işğal olunmuş hər bir yaşayış məntəqəsində Azərbaycan bayrağı qaldırılacaq.
Bu gün nəticələr göz qabağındadır. Azərbaycanın Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə yekunlaşdı. Uzun illərdir düşmən tapdağı altında olan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Bu zəfərin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, qalib ordumuzun misilsiz şücaəti və xalqımızın həmrəyliyi, dəmir yumruq kimi birliyi mühüm rol oynadı.
Doğru deyirlər ki, ideyalar insanların ağlına hakim kəsiləndə real qüvvəyə çevrilir. İşğal olunmuş torpaqlarımızın bir gün azad ediləcəyinə, o torpaqlara qayıdacağımıza inandığımız kimi. O inam olmasaydı, yəqin ki, bu günlərin qələbələri də olmazdı...
Ruhun şad olsun Ulu Öndər! Yolun işıqlı olsun Müzəffər Ali Baş Komandan! İnamımız daha möhkəm olsun qalib xalqımız!”