MƏDƏNİYYƏT
Günay Əfəndiyeva: Azərbaycanın tarixi abidələrinin işğal olunan bölgələrdə məhv edilməsi ilə bağlı araşdırmalar aparmışıq
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın tarixi, mədəni, dini abidələrinin Ermənistan tərəfindən işğal olunan bölgələrdə məhv edilməsi ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə araşdırılmalar aparılıb və onları qısa zamanda təqdim etməyi planlayırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Koordinasiya Komitəsinin videokonfrans formatında keçirilmiş iclasında bildirib.
İclasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Akademiyasının prezidenti Darhan Kıdırali iştirak ediblər.
İclasda pandemiya dövründə beynəlxalq təşkilatların fəaliyyəti, türk əməkdaşlıq təşkilatları arasında koordinasiyanın təmin edilməsi üçün atılacaq vacib addımlar, 2020-ci il və növbəti illərdə həyata keçiriləcək proqram və layihələr, eləcə də digər məsələlər müzakirə olunub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iclasda çıxış edərək, pandemiya şəraitində təşkilat tərəfindən türk mədəni irsinin öyrənilməsi, qorunması, beynəlxalq aləmdə tanıdılması məqsədilə həyata keçirilən tədbirlərdən və gələcək planlardan söz açıb.
Günay Əfəndiyeva çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistan-Azərbaycan sərhəd xəttində ermənilər tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulduğunu qeyd edib və bununla bağlı narahatlığını ifadə edib. O, Ermənistanın təcavüzkar siyasəti nəticəsində iyul ayında baş vermiş hadisələrlə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən dərhal bəyanat verildiyini bildirib.
İclas Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri arasında fikir mübadiləsi ilə başa çatıb.