CƏMİYYƏT


Səyyarə Məmmədova: “Özün Yarat” hərəkatı tullantıların azaldılması üçün mühüm təbliğat vasitəsidir

Bakı, 6 iyun, AZƏRTAC

Hər il ölkəmizdə də geniş qeyd olunan 5 iyun - Ümumdünya Ətraf Mühit Günündə yeni bir layihə reallaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, bu gün dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il qeyd olunur. Ətraf mühitə qayğı yaşından, ixtisasından, vəzifəsindən, milliyətindən, dinindən asılı olmayaraq hər kəsi birləşdirən bir dəyərdir. Çox sevindirici haldır ki, ölkəmizdə könüllü təbiətsevərlərin sayı artır, ətraf mühit problemlərinə qarşı ictimai qınaq formalaşır. İnsanlar artıq laqeyd mövqe tutmadan problemlərin həlli istiqamətində öz köməklərini əsirgəmirlər. Bu gün ekokönüllü komandamızın üzvləri artmaqdadır. Gənc nəsillə birgə yaşlı nəsil də böyük həvəslə həmin komandanın bir parçasına çevrilir. Bu il pandemiya şəraitinə uyğun olaraq kütləvi tədbirləri keçirə bilməsək də, həm kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə, həm də onlayn görüşlər formatında müxtəlif maarifləndirici məlumatlar verilir, çağırışlar səslənir.

S.Məmmədova məhz bu gün – Beynəlxalq Ətraf Mühit Günündə Azərbaycanda “Özün Yarat” adlı platformanın istifadəyə verildiyini, onun Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlandığını bildirib. O, platformanın mahiyyətini açıqlayaraq deyib: “Tullantılar ətraf mühiti çirkləndirən başlıca problem olduğundan onların düzgün idarə edilməsi hər zaman diqqət mərkəzindədir. Ölkəmizdə dövlət səviyyəsində görülən tədbirlərlə yanaşı, insanların ekoloji maarifləndirilməsi, onlarda tullantıları düzgün çeşidləmə vərdişlərinin yaradılması ön plandadır. “Özün Yarat” hərəkatı ətraf mühit tullantılarının azaldılması üçün bir təbliğat vasitəsidir. İnsanlar plastik, şüşə, kağız tullantılara yeni həyat verərək, onları tullamadan yeni əşya kimi istifadəyə qaytaracaqlar və hazırladıqları işlərlə müsabiqəyə qatılacaqlar. Sonda ilk 10 yerin müəllifi mükafatlandırılacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.