ELM VƏ TƏHSİL
Günəş fəallığı aşağı səviyyədə qalacaq
Bakı, 11 aprel, AZƏRTAC
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aprelin 11-nə olan kosmik hava proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində 2738 (N06E33, Cho/beta) şəklində nömrələnmiş oblast zəif maqnit sürüşməli sadə bipolyar konfiqurasiyasını saxlayıb. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə edilməyib. Hesabat dövründə alışma olmayıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olub.
Proqnoz günlərində (11-13 aprel) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Lakin 2738 oblastı özünün fəallığını saxlayacaq, alışma ehtimalı aşağı qiymətləndirilir. İlk iki gün qasırğa yaranması istisna edilmir. Üçüncü gün isə geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı ilk iki gün 10 faizdən, sonuncu gün isə 5 faizdən aşağı qiymətləndirilir.