ELM VƏ TƏHSİL
Günəş fəallığının komet axtarışında roluna dair müzakirələr aparılıb
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, rəsədxananın Bakı bölməsində keçirilən tədbiri bu qurumun elmi işlər üzrə direktor müavini Elçin Babayev açaraq astroseminar haqqında məlumat verib.
Sonra ŞAR-ın baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev və Bakı Mühəndislik Universitetinin əməkdaşı Həzi Qasımovun birgə hazırladıqları "Yeni kometlərin tapılmasında Günəş fəallığı faktoru" mövzusunda məruzə dinlənilib.
Müəlliflər 11 illik Günəş fəallığının komet axtarışında rolunu əks etdirən hesablamaların nəticələrini qrafik və cədvəllər şəklində təqdim ediblər.
Sonda iştirakçıları maraqlandıran məqamlarla bağlı diskussiyalar aparılıb, onların sualları cavablandırılıb.