SİYASƏT
Gürcü politoloq: Azərbaycan Prezidenti İlham Əliyev bölgədə sülhə nail olunması üçün böyük səylər göstərir
Tbilisi, 25 fevral, AZƏRTAC
Mən 26 fevral tarixinin Azərbaycan xalqı üçün nə qədər ağrılı-acılı gün olduğunu yaxşı bilirəm. Belə ağır gündə Azərbaycan xalqının kədərini bölüşürəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Azərbaycandakı keçmiş səfiri, politoloq Zurab Qumberidze söyləyib.
Politoloq Tbilisidə Xocalı faciəsinə həsr olunan anım mərasimində iştirak etdiyini, dost və qardaş Azərbaycan xalqı ilə bu kədəri bölüşdüyünü bildirib.
O deyib: “Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad edirəm. Amma, eyni zamanda, çox şadam ki, Azərbaycan Prezidenti İlham Əliyevin ciddi səyləri nəticəsində münaqişənin həllinə nail olundu. Azərbaycanı ərazi bütövlüyü bərpa edildi. Xocalı faciəsi qurbanlarının da qanı yerdə qalmadı. Mən bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”.
Bölgədə yeni proseslərin başlandığını vurğulayan Z.Qumberidze deyib: “Əsl lider və praqmatik siyasətçi, Azərbaycan Prezidenti İlham Əliyev bölgədə sülhə nail olunması üçün böyük səylər göstərir. Məhz onun səyləri nəticəsində regionun inkişafına xidmət edən layihələr həyata keçirilir. İlham Əliyevin qətiyyəti nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq. Bütün ölkələr bundan istifadə etməlidir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi