DÜNYA
Gürcüstan Baş nazirinin Özbəkistan və Türkmənistana səfəri region dövlətlərinin inkişafı üçün yeni imkanlar açacaq
Tbilisi, 20 iyul, AZƏRTAC
Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Özbəkistan və Türkmənistana səfəri bütövlükdə region dövlətlərinin inkişafı üçün yeni imkanlar açacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan Baş nazirinin müavini iqtisadiyyat naziri Levan Davitaşvili söyləyib.
Onun sözlərinə görə, Baş nazirin Mərkəzi Asiyaya səfərinin xüsusi əhəmiyyəti var. O, Özbəkistanda və Türkmənistanda rəsmi səfərdə olub. Ümumiyyətlə, bu səfər bir tərəfdən bu regionun, digər tərəfdən isə Gürcüstanın malik olduğu iqtisadi potensialdan maksimum istifadə etmək üçün regionumuzun Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığına töhfə verməlidir ki, iqtisadi potensial güclənsin.
L. Davitaşvili deyib ki, Türkmənistanla nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sənəd Aşqabada birbaşa uçuşlara imkan verəcək və eyni zamanda, iqtisadi əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək.
Nazir söyləyib: “Türkmənistan mühüm kimya sənayesinə malik ölkədir və Gürcüstan dəhlizindən istifadə etməkdə maraqlıdır. Gürcüstanın nəqliyyat və logistika infrastrukturundan istifadə etməklə öz məhsullarını ixrac edəcək və əlavə yük dövriyyəsini artırmağa imkan yaradacaq. Ümid edirəm ki, yaxın gələcəkdə Türkmənistandan Gürcüstana əlavə yüklər gələcək. Biz enerji sahəsində əməkdaşlıqdan da danışdıq. Bu gün Türkmənistan Gürcüstana neft və neft-kimya məhsulları göndərir, lakin burada söhbət Gürcüstana ucuz enerji resurslarının idxalından gedir və nazirliyimiz gələcəkdə həmkarlarımızla birlikdə bu məsələ üzərində işləyəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi