DÜNYA
Gürcüstan-Rusiya sərhədində baş verən qarşıdurma nəticəsində iki nəfər ölüb
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstan ilə Rusiya arasındakı Lars sərhəd keçid məntəqəsində hər iki ölkənin vətəndaşları arasında qarşıdurma olub. Hadisə nəticəsində iki nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Neytral ərazidə baş verən qarşıdurmaya iki sürücü arasında yaranan mübahisə səbəb olub. Məlum olub ki, Gürcüstan və Rusiya vətəndaşlığı olan 1981-ci il təvəllüdlü A.M. 1956-cı il təvəllüdlü A.Q.-yə öldürücü zərbələr endirib. A.Q. aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daha sonra A.Q.-nin oğlu 1980-ci il təvəllüdlü V.Q, soyuq silahdan istifadə edərək atasını qətlə yetirən A.M.-ni öldürüb.
V.Q. təqsirləndirilən şəxs qismində Kazbeki rayonunda saxlanılıb və barəsində araşdırma başlanıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi