DÜNYA
Gürcüstan hökuməti ölkə ərazisində neft-qaz yataqlarının axtarışlarına daha çox şirkət cəlb etmək niyyətindədir
Tbilisi, 14 may, AZƏRTAC
Gürcüstan hökuməti ölkədə neft-qaz ehtiyatlarının aşkarlanması və istismarına daha çox investisiya yatırılması üçün səylərini son dərəcə artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Tbilisidə Gürcüstan hökumətinin, ölkə iqtisadiyyatına, xüsusən də neft və qaz sahəsinə sərmayə qoymaqda maraqlı olan böyük regional şirkətlərin və Avropanın Kontinental Enerji Şurasının üzvləri ilə görüş keçirilir. Gürcüstan iqtisadiyyatına, xüsusən də neft və qaz yataqlarının axtarışı və istismarına sərmayə qoyuluşu və bu sahənin perspektivləri müzakirə olunur.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili görüşdə bildirib ki, hökumət ölkə ərazisində bu cür yataqların aşkarlanacağına və Gürcüstanın bir neçə ildən sonra daxili tələbatını bu ehtiyatlar hesabına ödəyəcəyinə inanır.
Gürcüstanın Neft və Qaz məsələləri üzrə Dövlət Agentliyinin məlumatına görə, hazırda ölkə ərazisində neft yataqlarının kəşfiyyatı və hasilatı lisenziyalaşdırılmış ərazilərdə həyata keçirilir. Hazırda Gürcüstanda 6 investisiya şirkəti Gürcüstanda neft hasilatı ilə məşğul olur. Daha 7 şirkət isə kəşfiyyat-axtarış işlərini davam etdirir. İndiyədək Gürcüstanda böyük neft və qaz yataqları aşkar edilməyib.
Son 10 ildə ölkədə illik neft hasilatı 43,6 min ton təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi