DÜNYA
Gürcüstan iqtisadiyyatı 12,3 faiz azalıb
Tbilisi, 18 sentyabr, AZƏRTAC
Cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,3 azalma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir.
Bildirilir ki, hesabat dövründə ölkədə 11 milyard 210 milyon GEL dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Ölkə iqtisadiyyatının əsas sahələri olan istehsalat sahəsində 12,1 faiz, maliyyə və sığorta sahəsində 15,5 faiz azalma olub.
Eyni zamanda, topdan və pərakəndə satış sahəsində 13,2 faiz, turizm və xidmət sahələrində 40 faiz, nəqliyyat sahəsində 22,6 faiz, incəsənət, istirahət və əyləncə sahələrində 21,1 faiz azalma qeydə alınıb.
İkinci rübdə ticarət, daşınmaz əmlak sahələrindəki fəaliyyətlər ÜDM-də ən çox paya malik olub (14,6 faiz).
Səhiyyə və sosial fəaliyyətlər sahəsində 14,3 faiz, təhsil sahəsində 11,7 faiz, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində 10,2 faiz, emal sənayesi sahəsində 9,9 faiz artım olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi