CƏMİYYƏT
Gürcüstan parlamenti gənclər üçün yeni staj proqramının icrasına başlayıb
Tbilisi, 11 yanvar, AZƏRTAC
Gürcüstan parlamenti gənclər üçün yeni staj proqramının icrasına start verib. Proqramda milli azlıqlardan olan gənclər də iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda yaşayan azərbaycanlı gənclər əsasən parlamentin Diaspor və Qafqaz məsələləri komitəsində təcrübə qazanacaqlar.
Bu komitənin nəzdində fəaliyyət göstərən gənclər komitəsinin sədri Təmkin Nağıyev AZƏRTAC-a müsahibəsində deyib ki, parlamentdə 15 komitə var. Hər komitədə bir gənc rəhbər təyin olunur və onlar gəncləri səfərbər edərək fəaliyyətlərini tənzimləyirlər. Diaspor və Qafqaz məsələləri komitəsinə də mən təyin olunmuşam.
Onun sözlərinə görə, staj proqramı çərçivəsində gənclər Gürcüstan parlamentinin gördüyü işlərlə tanış olacaq, müxtəlif tədbirlərdə, debatlarda, dəyirmi masalarda, parlamentdə təşkil olunan görüşlərdə iştirak edəcəklər. Staj proqramı bir il davam edəcək. Layihəni uğurla başa vuracaq tələbə gənclərə sertifikat və ya diplomlar veriləcək.
Sertifikat və diplom alan gənclər sonradan başqa idarə və təşkilatlarda işlə təmin olunarkən onların staj proqramında iştirakı nəzərə alınacaq.
Təmkin Nağıyev azərbaycanlı gəncləri staj proqramında fəal iştiraka dəvət edib və bu layihədə iştirakın onlar üçün əhəmiyyətli olduğunu bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi