REGİONLAR
Gürcüstan taxılçılarına kömək etmək üçün 30-dan çox kombayn göndərilib VİDEO
Qazax, 17 iyul, Famil Quliyev, AZƏRTAC
İyulun 17-də Qazax rayonunun “Qırmızı körpü” keçid məntəqəsindən 30-dan artıq “Klas” və “Holland” tipli kombaynlar Gürcüstana yola salınıb. Kombaynlar 20-25 gün ərzində Gürcüstan fermerlərinə taxıl biçinində yardımçı olacaq.
AZƏRTAC xəbər verir ki, Gürcüstan taxıl biçinində kömək göstərməsi üçün Azərbaycan dövlətinə müraciət edib. Müraciətə müsbət cavab verilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəznində “Aqrolizinq” ASC ilə Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi nəznində “Mezanizator” MMC arasında imzalanan müqaviləyə əsasən, Azərbaycan tərəfi qonşu respublikaya taxıl yığımı üçün kombaynlar göndərməlidir.
Kombaynların göndərilməsi münasibətlə keçirilən mərasimdə “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov çıxış edərək, Azərbaycan dövlətinin qonşu ölkələrə daim yardım əlini uzatdığını diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə əkilən 965 min hektardan artıq taxıl zəmilərində biçin yekunlaşmaq üzrədir. Dağ və dağətəyi rayonlarda 8-10 faiz sahədə biçilməmiş taxıl qalıb ki, o da tezliklə yekunlaşacaq. Qeyd edilib ki, dövlətin kənd təsərrüfatının inkişafına göstərdiyi dəstək nəticəsində “Aqrolizinq” ASC-nin nəznində 2500 müasir kombayn var. Onların 800-ü “Aqrolizinq” ASC-nin rayon bölmələrində fəaliyyət göstərir. Bu gün Gürcüstana köməyə göndərilən 30-dan artıq kombaynın hamısı təzə və saz vəziyyətdədir.
İsrafil İsmayılov bildirib ki, qardaş gürcü xalqı ilə Azərbaycan xalqının tarixi dostluq əlaqələri var. Bu əlaqələr bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mərasimdə Gürcüstan kənd təsərrüfatı nazirinin müavini Levan Qabutaşvili çıxış edərək, köməyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Sonra kombaynlar sərhəd məntəqəsindən keçərək qonşu ölkəyə yola düşüblər.