DÜNYA
Gürcüstanda 113 çörəkbişirmə müəssisəsi bağlanıb
Tbilisi, 23 oktyabr, AZƏRTAC
Son vaxtlar Gürcüstanın Ərzaq Məhsulları Agentliyi ölkə ərazisində 113 çörəkbişirmə sexi və zavodunu bağlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
“Rezonansi” qəzeti yazır ki, müəssisələrin bağlanmasının əsas səbəbi həmin sexlərdə sanitar-gigiyenik qaydaların pozulması, çörək, bulka və digər un məmulatlarında paslı dəmir, həşəratlar və ziyanvericilərin aşkarlanması, müəssisələrdə havalandırma və digər texniki sistemlərin müvafiq standartlara cavab verməməsi olub.
Ərzaq məhsulları üzrə ekspert Lia Kvaratsxeli deyib ki, həmin sexlərdə sanitar qaydalara riayət edilmir. Buna görə də, tez-tez çörək məmulatlarında insan həyatı üçün təhlükəli elementlər aşkarlanır və bu da istehlakçıların haqlı narazılığına səbəb olur.
Mətbuatın yazdığına görə, 2017-2018-ci illər ərzində Ərzaq Məhsulları Milli Agentliyi 781 çörəkbişirmə zavodu və sexində yoxlamalar həyata keçirib. 2017-ci ildə 72 belə müəssisənin fəaliyyəti dayandırılıb. Cari ildə isə 41 müəssisə bağlanılıb. Eyni zamanda, həmin müəssisələrin hər biri 1000 GEL məbləğində cərimələnib.
Daha bir neçə sex də müxtəlif məbləğlərdə cərimə edilib.
“Etika” qeyri-hökumət təşkilatının rəhbəri, ekspert Amiran Şenqeliya isə bildirib ki, ölkədə sanitar standartlar tam iflasa uğrayıb.
“Gürcüstan çörəkdən çox istifadə olunan ölkələrdən biridir. Ona görə də, ölkədə çörək istehsalı zamanı keyfiyyətə xüsusi fikir verilməlidir”, - deyə A.Şengeliya vurğulayıb.
Ekspertlərin fikrincə çörəkbişirmə sexləri və digər müəssislər, ilk növbədə, müəyyən olunmuş qaydada sertifikatlar almalıdır.
Məlumat üçün qeyd edək ki, son iki ayda Gürcüstanda çörəyin qiyməti 10 tetridən (0,4 dollar) 30 tetriyədək bahalaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi