CƏMİYYƏT
Gürcüstanda böyrək çatışmazlığından əziyyət çəkən dializ xəstələrinə pulsuz dərmanlar verilib
Tbilisi, 5 dekabr, AZƏRTAC
Beynəlxalq Əlillər Günü ilə əlaqədar Gürcüstanda böyrək çatışmazlığından əziyyət çəkən dializ xəstələrinə pulsuz dərmanlar verilib.
Gürcüstan Azərbaycanlılarının Əlillər Assosiasiyasının sədri Rövşən Əliyev AZƏRTAC-a açıqlamasında deyib ki, humanitar yardım soydaşlarımıza SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən verilib.
Onun sözlərinə görə, bu gün ümumilikdə Gürcüstanda böyrək çatışmazlığından əziyyət çəkən və dializ qəbul edən 176 azərbaycanlı xəstə qeydiyyatdadır. 3 Dekabr-Beynəlxalq Əlillər Günündə 70 nəfərə “CalciumCarbonate Nefro 700 mg” dərman preparatı təqdim olunub. Qalan 106 xəstə isə bir neçə günə həmin dərmanla təmin olunacaq.
Rövşən Əliyev deyib: “Azərbaycan xalqı çətin və şərəfli bir mübarizə apararaq öz torpaqlarını işğaldan azad edib. Bu gün harada yaşamasından və sosial vəziyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan Ordusunun qələbəsinə sevinir və bu münasibətlər Azərbaycan xalqını, xüsusən də Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edirik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi