DÜNYA
Gürcüstanda kosmetik məqsədlə marixuana istehsalını nəzərdə tutan qanun layihəsinin müzakirəsi təxirə salındı
Tbilisi, 9 oktyabr, AZƏRTAC
Gürcüstan parlamenti marixuananın kosmetik və tibbi məqsədlər üçün istehsalı və istifadəsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini təxirə salıb. AZƏRTAC xəbər verir ki, bu barədə parlamentin bürosu qanunverici orqanın səhiyyə komitəsinin müraciəti əsasında qərar qəbul edib.
Eyni zamanda, marixuanadan istifadəyə görə inzibati və cinayət məsuliyyətinin sərtləşdirilməsi ilə bağlı qanunvericilik paketinin ikinci oxunuşda müzakirəsi təxirə salınıb. Parlament qeyd olunan layihəni ilk oxunuşda qəbul etmişdi.
Sözügedən qanun layihəsi ölkədə ciddi etirazlara səbəb olmuşdu. Gürcüstan patriarxlığı və əksər dini icmalar, bəzi müxalifət partiyaları həmin layihənin müzakirəyə çıxarılmasına ciddi etiraz etmişdi.
Hökumət və parlamentdəki çoxluq bundan sonra qanun layihəsinin müzakirəsini dayandırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi