DÜNYA


Gürcüstanda narkotik vasitələrin satışına görə cəzalar sərtləşdirilib

Tbilisi, 2 dekabr, AZƏRTAC

Gürcüstanda narkotik vasitələrin və psixotrop maddələrin satışına görə cəzalar sərtləşdirilib.

AZƏRTAC xəbər verir ki, ölkə parlamenti bununla əlaqədar iki qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Hər iki qanun layihəsi parlamentə Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunub. Yeni dəyişikliklərə əsasən, narkotik vasitələrin satışına görə azadlıqdan məhrumetmə cəzasının ən aşağı həddi 6 ildən 10 ilədək artırılıb.

Külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olan şəxsləri 12 ildən 17 ilədək həbs cəzası gözləyir. Satışı xüsusən külli miqdarda həyata keçirənlər isə 14 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum ediləcəklər.

Digər düzəlişlərə əsasən, psixotrop maddələr, onların prekursorları və yaxud güclü təsirə malik preparatların satışına görə cəzalar da sərtləşdirilib. Bu cinayət əməllərinə görə 3 ildən 6 ilədək həbs cəzası tətbiq olunacaq. Bu cür vasitələr külli miqdarda satıldığı halda 5 ildən 9 ilədək, xüsusilə külli miqdarda olduqda isə 10 ildən 14 ilədək müddətə həbs cəzası nəzərdə tutulub.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də bu günlərdə hökumətin iclasında çıxış edərək ölkədə narkomaniyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyini bildirmişdi.

Onun ölkədə qumar biznesinə və narkomaniyaya qarşı mübarizə ilə bağlı çağırışından sonra onlayn qumar oyunları ilə bağlı vergilərin məbləği artırılıb, bu oyunlarda iştirak üçün yaş məhdudiyyəti 25-ə qaldırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.