DÜNYA
Gürcüstanda yaşayan azərbaycanlı gənclər “Gənc Avropa Səfirləri” layihəsindən yararlanacaqlar
Tbilisi, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Tbilisidəki NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzində “Gənc Avropa Səfirləri” layihəsinin təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, layihə Gürcüstandakı milli azlıqları təmsil edən gənclər üçün nəzərdə tutulub.
Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili tədbirdə bildirib ki, 2019-cu ilin may ayına qədər davam edəcək layihə çərçivəsində milli azlıqların yaşadıqları bölgələrdə Gürcüstanın NATO və Avropaya inteqrasiyasının əhəmiyyəti ilə bağlı məlumatlandırıcı görüşlər keçiriləcək.
Nazir deyib: “Gürcüstan cəmiyyəti NATO-ya və Avropaya inteqrasiya kursunu dəstəkləyir. Əsas məqsədimiz odur ki, Gürcüstanın hər yerində yaşayan və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız bu seçimin düşünülmüş olduğunu dərk etsinlər”.
Layihənin ilkin mərhələsində azərbaycanlı gənclər üçün Gürcüstanın NATO-ya və Avropaya inteqrasiyası, Avropa dəyərləri mövzularında təlim keçiriləcək. İkinci mərhələdə gənclərdən ibarət mobil qruplar milli azlıqların məskunlaşdığı 60 kənddə şagirdlər, valideynlər və müəllimlərlə məlumatlandırıcı görüş keçirəcəklər.
Məlumat üçün qeyd edək ki, “Gənc Avropa Səfirləri” layihəsi NATO və Aİ üzrə İnformasiya Mərkəzi, Gürcüstan BMT Assosiasiyası (UNAG), Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparatı və ABŞ-ın USAID təşkilatının dəstəyi ilə ikinci dəfədir həyata keçirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi