SİYASƏT
Gürcüstandakı soydaşlarımız törədilə biləcək mümkün təxribatlara uymamağa çağırılıb
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədəki soydaşlarımıza müraciət edib.
Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Müraciətdə 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan Azərbaycana qarşı növbəti məkrli təcavüzə əl atdığı, qəsdən və məqsədli şəkildə törədilən bu hərbi təxribat nəticəsində mülki əhali və hərbçilər arasında həlak olan və yaralananların olduğu bir daha diqqətə çatdırılır.
Bildirilir ki, Ermənistanın məqsədi işğal olunmuş ərazilərlə bağlı mövcud status-kvonu hər vəchlə uzatmaq, həmçinin ölkənin öz əhalisinin diqqətini çox ciddi sosial və iqtisadi problemlərdən yayındırmaqdan ibarətdir. Azərbaycan isə öz ərazi bütövlüyünü müdafiə edir, siyasətini şəffaf və ədalətli şəkildə davam etdirir. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində vurğulayıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bütün dünya onu Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ərazi bütövlüyümüz beynəlxalq müstəvidə dəstəklənir.
Ölkəmizin yaxın qonşusu və strateji tərəfdaşı olan Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir”, - deyə müraciətdə vurğulanır.
Qeyd olunur ki, Azərbaycan xalqı bütün dünya ictimaiyyəti qarşısında torpaqlarının işğalı ilə heç vaxt barışmayacağını və bu işğala mütləq şəkildə son qoyacağını qətiyyətlə bəyan edirdi. Təəssüf ki, ərazilərin sülh yolu ilə qaytarılması üzrə uzun illər davam edən danışıqlar işğalçı Ermənistanın mövqeyi səbəbindən müsbət nəticə vermədi. Ermənistanın əməlləri sülh prosesini iflic vəziyyətinə salıb, onun əl atdığı son təcavüz aktı isə Azərbaycana BMT-nin Nizamnaməsinə uyğun olaraq qanuni özünümüdafiə hüququndan istifadə etməkdən başqa bir seçim qoymadı.
Hazırda rəşadətli Azərbaycan Ordusu öz müqəddəs borcunu yerinə yetirərək, Vətən torpaqları uğrunda şərəflə vuruşur, düşmənə, işğalçı orduya sarsıdıcı zərbələr endirir.
Bu hadisələrin cərəyan etdiyi son taleyüklü günlərdə Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən səfirliyə çoxlu sayda müxtəlif cür yardım və ianə təklifləri, könüllü olmaq istəkləri barədə müraciətlər daxil olur.
Səfirlik Gürcüstan ərazisindəki soydaşlarımıza, onların təşkilatlarına üz tutaraq, göstərilən vətənpərvərliyə, fədakarlığa və həmrəyliyə görə dərin minnətdarlığını bildirir. Bununla belə, aşağıdakıları bildirməyi vacib hesab edir:
Azərbaycan dövləti və Silahlı Qüvvələri onların qarşısında duran vəzifənin öhdəsindən gəlmək üçün bütün lazımi imkanlara malikdir. Bu baxımdan, ölkə kənarından könüllülərin cəlb olunmasına ehtiyac duyulmur.
Eyni zamanda, əşya və əmtəə timsalında humanitar yardım və ianələrə də ehtiyac yoxdur.
Maliyyə ianələri etmək istəyən şəxslər isə onu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu vasitəsilə həyata keçirə bilərlər. Fondun bank rekvizitlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi saytından əldə etmək olar.
Bununla əlaqədar səfirlik, həmçinin nəzərə çatdırır ki, yerlərdə onun adından və ya Azərbaycan Respublikasının digər dövlət qurumları adından pul vəsaitinin toplaması həyata keçirilmir və bu səpkidə səsləndirilə biləcək çağırışlar əsasızdır.
“Əziz soydaşlarımız, mövcud şəraitdə sizi vəziyyətə anlayışla yanaşmağa, ayıq-sayıq olmağa, mümkün təxribatlara uymamağa, Gürcüstanın qəbul olunmuş norma və qanunları çərçivəsində fəaliyyət göstərməyə çağırırıq. Sizin mənəvi dəstəyiniz, həmişə olduğu kimi bu günlərdə də Azərbaycanla birgə olmağınız göz qabağındadır.
Səfirlik şəhid olan hərbçilərin və mülki şəxslərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Vətənin qurtuluşu uğrunda şəhid olan qəhrəmanların uyuduğu torpaqlar behişt olsun!”, - deyə müraciətdə qeyd edilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi