DÜNYA
Gürcüstanın Baş naziri: Hakimiyyət seçkilərin demokratik, şəffaf və azad keçirilməsi üçün bütün tədbirləri görüb
Tbilisi, 27 noyabr, AZƏRTAC
Hakimiyyət prezident seçkilərinin ikinci turunun tam demokratik, şəffaf və azad keçirilməsi üçün bütün lazımi tədbirləri görüb. Hər bir seçicinin səsi qorunacaq. Bu, Gürcüstan hökumətinin qarşıya qoyduğu siyasi iradədir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze noyabrın 27-də keçirdiyi brifinqdə söyləyib.
On deyib ki, noyabrın 28-i ölkədə qeyri-iş günü elan edilib. “Mən bütün vətəndaşlarımızı səsvermədə fəal iştirak etməyə, öz qəlblərinin səsinə qulaq asıb, istədikləri namizədə səs verməyə dəvət edirəm”, – deyə Baş nazir vurğulayıb.
M.Baxtadze, eyni zamanda, vətəndaşları qanunun tələblərinə riayət etməyə, qanun pozuntusuna yol verməməyə çağırıb.
Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.
Bu turda mübarizə müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin “Güc birlikdədir” blokunun namizədi Qriqol Vaşadze arasında olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi