DÜNYA
Gürcüstanın Poti şəhərində beynəlxalq əhəmiyyətli yeni dəniz limanı tikiləcək
Tbilisi, 4 fevral, AZƏRTAC
Gürcüstan hökuməti Potidə beynəlxalq əhəmiyyətli yeni dəniz limanı tikəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı fevralın 4-də Tbilisidə PACE şirkətlər qrupu ilə ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyası (OPIC) arasında müqavilə imzalanıb.
İmzalanma mərasimində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze, hökumət üzvləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Baş nazir Mamuka Baxtadze bildirib ki, dəniz limanının tikintisi Avropa ilə Asiyanı birləşdirəcək yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində irəliyə doğru addımdır. Logistika Gürcüstanın regionun iqtisadi mərkəzinə çevrilməsi prosesində xüsusi əhəmiyyətə malikdir. Bu, yeni liman və terminaldan ibarət müasir kompleks olacaq və həm ölkə, həm də region iqtisadiyyatına böyük dəyişikliklər gətirəcək. Yeni terminal Potidə keçmiş gəmi tikintisi zavodunun ərazisində yerləşəcək.
Baş nazir OPIC tərəfindən layihəyə 50 milyon dollar ayrılmasının Gürcüstanın ABŞ-ın etibarlı tərəfdaşı olduğunu bir daha sübut etdiyini vurğulayıb.
OPIC-in Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirən M.Baxtadze deyib ki, korporasiya illər öncə Gürcüstanda layihələr həyata keçirməyə başlayıb. Bu günədək OPIC Gürcüstanda ümumi dəyəri 600 milyon dollara yaxın olan 60 layihə həyata keçirib.
OPIC-in direktoru Kennet Enqel, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson və başqaları çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, yeni terminalın tikintisinə 50 milyon ABŞ dolları həcmində sərmayə qoyulacaq. Dəniz terminalı ilə yanaşı, akvatoriyanın da dərinliyi artırılacaq və bu da limanın yükqaldırma qabiliyyəti 50 min tona yaxın olan gəmilərin qəbulunu mümkün edəcək.
İki mərhələdən ibarət olan layihənin ümumi dəyəri 120 milyon dollardır. Birinci mərhələnin ümumi investisiya dəyəri 93 milyon dollar təşkil edir. Bu məbləğin 50 milyonunu OPIC ayıracaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi