CƏMİYYƏT
Gürcüstanın qadın təşkilatları Azərbaycan-Gürcüstan münasibətlərini yüksək qiymətləndirir
Tbilisi, 23 oktyabr, AZƏRTAC
Azərbaycan-Gürcüstan münasibətləri bizim üçün böyük əhəmiyyət kəsb edən məsələdir. Bu gün ölkələrimiz arasında çox yaxşı dostluq və əməkdaşlıq əlaqələri var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Azərbaycanlı Fəal Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva söyləyib.
Gültəkin Mustafayeva qeyd edib ki, Azərbaycan Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Bu ənənənin əsası ulu öndər Heydər Əliyevin dövründə qoyulub. Çox şadıq ki, bu gün Prezident İlham Əliyev də Ulu Öndərin siyasətini uğurla davam etdirir, Gürcüstanla münasibətlərə xüsusi diqqət və qayğı göstərir.
“Bu gün biz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da rolunu qeyd etməliyik. Məhz Mehriban xanımın sayəsində Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində, eləcə də digər rayonlarda məktəblər, uşaq bağçaları tikilib və ya əsaslı təmir olunub. Səhiyyə müəssisələrinə təcili tibbi yardım maşınları bağışlanıb”, - deyən G.Mustafayeva əlavə edib ki, Azərbaycan dövləti Gürcüstan universitetlərində oxuyan tələbələrin təhsil haqlarını ödəyir. Bu gün Azərbaycanın maliyyə dəstəyi hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı minlərlədir. Bunu görməmək, qiymətləndirməmək olmaz. Biz çox yaxşı başa düşürük ki, bütün bunlar Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin xidmətləridir.
Bu gün Gürcüstanın qazlaşdırılması, buraya investisiyaların qoyulması, irimiqyaslı enerji layihələrinin Gürcüstan ərazisindən keçməsi məhz İlham Əliyevin təşəbbüsüdür. Bu gün gürcü xalqı bunu yaxşı başa düşür və onların da Azərbaycana dost münasibətləri var.
Xanım siyasətçinin sözlərinə görə, bəzi qüvvələr bu dostluğa, qardaşlığa zərbə vurmağa çalışırlar. Amma sağlam qüvvələr buna imkan vermir və verməyəcək. Çox yaxşı haldır ki, Gürcüstan hökuməti də bunu başa düşür və Azərbaycan ilə münasibətləri inkişaf etdirir, möhkəmləndirir.
Dövlətlərarası münasibətlərin inkişafında qadınların tolunu vurğulayan G.Mustafayeva deyib: “Gürcüstanda yaşayan və fəaliyyət göstərən qadın təşkilatları da bu sahədə, bu istiqamətdə hökumətə dəstək verməyə hazırdır. Azərbaycandakı qadın təşkilatları ilə bu barədə söhbətlərimiz olub və biz birlikdə dövlətlərimizin birliyini, dostluğunu möhkəmləndirməyə çalışırıq. İnanıram ki, bu dostluğumuz heç zaman pozulmayacaq və biz birlikdə daha güclü olacağıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi