İQTİSADİYYAT
“HƏMKARLAR İTTİFAQLARI VƏ TRANSMİLLİ KAMPANİYALAR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 11-də “Abşeron” hotelində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkəmizdə fəaliyyət göstərən transmilli kampaniyalarda sosial dialoqun təşkili layihəsi çərçivəsində “Həmkarlar ittifaqları və transmilli kampaniyalar” mövzusunda seminar keçirmişdir.
AHİK-in katibi Kazım Teymurlu bildirmişdir ki, seminarın keçirilməsindən məqsəd Azərbaycanda fəaliyyət göstərən transmilli kampaniyalarda həmkarlar ittifaqlarının yaradılmasına kömək göstərməkdir.
Natiq vurğulamışdır ki, bəzən işə götürənlə işçi arasında əmək müqavilələrinin bağlanmaması, əməkçilərin vaxtsız məzuniyyətə buraxılması, qısa əmək müqavilələrinin bağlanması və digər məsələlər sonda əməkçilərə əmək haqlarının verilməməsi ilə nəticələnir. Bizim başlıca məqsədimiz Beynəlxalq Əmək Təşkilatının (BƏM) təcrübəsini nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən transmilli kampaniyalarda həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına və onların fəaliyyətinin səmərəliliyinin artırılmasına nail olmaqdır.
Tədbirdə çıxış edən BƏT-in Moskva bürosunun baş mütəxəssisi Sten Toft Peterson demişdir ki, dünyada baş verən qloballaşma təmsil etdiyi qurum tərəfindən ətraflı öyrənilmiş və əməkçilərin hüquqlarının qorunması ilə bağlı yeni deklarasiyanın qəbul edilməsi qərara alınmışdır.
Sten Toft Peterson seminar iştirakçılarına əməkçilərin hüquqlarının qorunması ilə bağlı dünyada mövcud olan qanunvericilik bazasından və həmkarlar təşkilatlarının bu qanunlara əsaslanaraq işlərini günün tələbləri səviyyəsində qurmalarından geniş söz açmışdır.
Seminarda “Transmilli kampaniyalarda həmkarlar ittifaqlarının yaradılması”, “Sosial dialoqun aparılma qaydaları və təcrübəsi”, “Transmilli kampaniya müəssisələri üçün nümunəvi kollektiv müqavilənin hazırlanması” mövzularında çıxışlar edilmiş və müzakirələr aparılmışdır.
######