MƏDƏNİYYƏT
HƏVƏSKAR FOTOQRAFLARIN SƏRGİSİ
Azərbaycanda Frankofoniya günlərinə həsr edilmiş Bakı İncəsənət Mərkəzində ölkəmizin gənc fotoqraflarının “Vergül” adlı sərgi-müsabiqəsi açılmışdır.
Fransanın Azərbaycandakı səfirliyi və respublika Fotoqraflar Birliyi tərəfindən təşkil olunmuş sərgidə peşəkarlar və 18 yaşından 25 yaşınadək həvəskar fotoqraflar iştirak edirlər. Sərgi-müsabiqədə iştirak edən 39 müəllifin 140 işindən 53-ü salonda nümayiş etdirilir. 9 fotoşəkil isə nominasiyalara təqdim olunmuşdu.
Fransa səfirliyinin mədəniyyət üzrə attaşesi nominasiyalar üzrə qalibləri elan edərək, onlara sertifikatlar vermişdir. Münsiflər heyətinin üzvü olan Fransanın Azərbaycandakı səfiri xanım Şantal Puare sərginin təşkilatçılarına və bütün iştirakçılarına, tədbirin keçirilməsində kömək göstərdiyinə görə respublika Rəssamlar İttifaqına təşəkkürünü bildirmişdir. Xanım Puare müsabiqənin qalibini elan etmişdir. Bu, “Uçuş” fotoşəklinin müəllifi Təhminə Əhmədova idi. Səfir bildirmişdir ki, qalib 10 günlüyə Fransanın Arl şəhərinə gedəcək və ənənəvi beynəlxalq fotofestivalda iştirak edəcəkdir.
Sərgi üç gün davam edəcəkdir.