RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 10-da Salyan şəhərindəki Heydər parkında ulu öndərin adını daşıyan muzeyin təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, muzey görkəmli dövlət xadimi və siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə yaradılmışdır. Burada ulu öndərin uşaqlıq və gənclik illərini, təhlükəsizlik orqanlarında fəaliyyətini, Azərbaycana rəhbərliyinin ilk dövrünü, ötən əsrin 70, 80 və 90-cı illərində Salyan rayonuna tarixi səfərlərini, müstəqil Azərbaycan dövlətinə rəhbərlik illərini, kənd təsərrüfatının, sənayenin inkişafına, ordu quruculuğuna, mədəniyyətə və idmana qayğısını, “Əsrin müqaviləsi”nin imzalanmasını, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsini əks etdirən çoxsaylı fotoşəkil və eksponat toplanmışdır. Xüsusi vurğulandı ki, ulu öndər 1969-cu ildə respublikada siyasi rəhbərliyə gəldikdən az sonra ilk səfərini məhz Salyan rayonuna etmişdir. Salyanlılar bunu ümummilli liderin onlara olan məhəbbətinin təzahürü kimi qiymətləndirirlər.
Muzeydə ümummilli liderin büstü də qoyulmuş, Salyan rayonuna səfərlərini əks etdirən xüsusi fotoalbom hazırlanmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin ayrı-ayrı guşələri ilə tanış oldular, fotoşəkillərə böyük maraqla baxdılar. Burada ulu öndərin 1998-ci ildə prezident seçkiləri ərəfəsində Salyana gəlişi zamanı söylədiyi nitq videokadrlar vasitəsilə səsləndirildi.
Sonra dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək sözlərini yazdı:
“Heydər Əliyev muzeyində nümayiş etdirilən fotoşəkillər ulu öndərin həyat və fəaliyyətini əks etdirir. Bütün dövrlərdə Heydər Əliyev doğma xalqına sədaqətlə xidmət etmişdir.
Heydər Əliyev Salyan rayonunun inkişafına həmişə böyük diqqət göstərmişdir. 1969-cu ildə Azərbaycan rəhbəri kimi ilk səfərini Salyan rayonuna etmişdir. 1998-ci ildə isə seçki kampaniyasını Salyan rayonundan başlamışdır. Bu faktlar Heydər Əliyevin Salyana və salyanlılara xüsusi münasibət və məhəbbətinin təzahürüdür.
Bu gün də Heydər Əliyev siyasəti yaşayır. Salyan rayonu inkişaf edir və rayonun gələcək inkişafına böyük diqqət göstərilir.
Bütün salyanlılara dərin hörmət və məhəbbətimi bildirirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
10.08.2006-cı il”.