SİYASƏT
“HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN” MÖVZUSUNDA BİRİNCİ ÜMUMRESPUBLİKA ƏLİYEVŞÜNASLIQ KONFRANSI
Mayın 6-da Azərbaycan Universitetində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda birinci Ümumrespublika Əliyevşünaslıq konfransı keçirilmişdir.
Universitetin rektoru, professor Səlahəddin Xəlilov konfransı açaraq, bu tədbirin rəhbərlik etdiyi ali təhsil ocağının və Azərbaycan Fəlsəfə və Sosial Elmlər Assosiasiyasının Əliyevşünaslıq İnstitutunun təşəbbüsü ilə keçirildiyini və Prezident Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr edildiyini bildirdi.
Konfransda Səlahəddin Xəlilovun “Müdriklik: ideya və əməyin harmoniyası”, Prezidentin İcra Aparatının ictimai-siyasi söbəsinin müdiri Əli Həsənovun “Heydər Əliyev və Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması”, YAP sədrinin müavini, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin “Müstəqil Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev yolu”, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərovun və təhsil naziri Misir Mərdanovun “Heydər Əliyev və təhsil quruculuğu” mövzularında məruzələri dinlənildi.
Natiqlər vurğuladılar ki, bu gün Azərbaycanın iqtisadi, sosial, mənəvi və siyasi həyatının bütün sahələri dünya sivilizasiyasının nailiyyətlərinə cavab verən bir səviyyədədir. Ölkəmizin mənafeyinə xidmət edən, strateji maraqlar üzərində qurulmuş, konkret vəzifə və istiqamətləri, prinsipləri ilə seçilən ardıcıl xarici siyasət xətti yalnız 1993-cü ilin ikinci yarısından etibarən, dünya şöhrətli siyasətçi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirilməyə başlamışdır. Prezidentimizin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına, möhkəmləndirilməsinə və ölkəmizin dünya birliyinə inteqrasiya olunması üçün dinc və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə yönəlmiş çoxşaxəli fəal daxili və xarici siyasəti nəticəsində respublikamız dünya birliyində layiqli yerini tutmuş, regionun və beynəlxalq aləmin qlobal problemlərinin həllində təsirli və əhəmiyyətli mövqe qazanmışdır.
Məruzəçilər dedilər ki, Azərbaycan Prezidentinin elmi, nəzəri irsinin ciddi tədqiqatına başlanılmalı, onun ideyaları gələcək nəsillərə çatdırılmalıdır. Hazırda respublikamızda keçirilən belə tədbirlərin bir məqsədi də Əliyevşünaslıq irsinin araşdırılması işinə kömək etməkdir.
Natiqlər dağıdıcı müxalifətin və ona xidmət edən mətbuatın ləyaqətsiz hərəkətlərinə də münasibətlərini bildirdilər, onların cəmiyyətdə heç bir nüfuza malik olmadıqlarını vurğuladılar.
Müdrik dövlət başçısı Heydər Əliyevin respublikamızda hakimiyyətdə olduğu illərdə elmə, təhsilə göstərilən diqqət və qayğıdan, iqtisadiyyatda əldə olunmuş nailiyyətlərdən ətraflı söhbət açan natiqlər Azərbaycan Prezidentini yubileyi münasibətilə ürəkdən təbrik etdilər, ona cansağlığı, şərəfli işində daha böyük uğurlar dilədilər.
Sonra konfrans öz işini “Heydər Əliyev və Azərbaycanda yeni cəmiyyət: siyasi, sosial və mədəni inkişaf problemləri”, “Heydər Əliyev və Azərbaycanda iqtisadi inkişaf və ekologiya problemləri” və “Müstəqil Azərbaycan qlobal iqtisadi sistemdə” mövzularında bölmə iclaslarında davam etdirdi.
Konfransa təqdim olunmuş məruzələr və çıxışlar kitab halında çap edilib iştirakçılara paylanmışdır.
Konfransda YAP-ın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclisin deputatları, elm, təhsil işçiləri, tələbələr iştirak edirdilər.
Foto İlqar Cəfərovundur