REGİONLAR
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran və Astarada fermer təsərrüfatlarına dəstək göstərilib
Bakı, 1 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir. Növbəti dəfə Lənkəran və Astara rayonlarında aqroturizm təsərrüfatlarının yaradılması istiqamətində işlər görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Lənkəran rayonunun Osaküçə kəndində Mahir Həsənova məxsus “Dağ məskəni” aqroturizm təsərrüfatının yaradılması istiqamətində dəstək göstərilib. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin nümayəndələri təsərrüfatı ziyarət ediblər.
Bir hektar əraziyə malik təsərrüfatda sitrus meyvəçiliyi və tərəvəzçiliklə məşğul olunur, iri və xırdabuynuzlu heyvan, at, toyuq-cücə, qaz, ördək saxlanılır.
Dəstək tədbirləri nəticəsində təsərrüfatda söhbətgah tikilib, 8 nəfərlik masa dəsti, oturacaqlar, soyuducu, dolab, turistlərə xidmət göstərilməsi üçün tələb olunan mətbəx ləvazimatları verilib. Həmçinin təsərrüfatda infrastruktur obyektlərinin tikintisi təmin olunub, piknik etmək istəyən turistlər üçün xüsusi sahə yaradılıb. Təsərrüfatın müxtəlif sahələri rəngli işıqlarla bəzədilib, ağacların gövdələri dekorativ rəsmlərlə işlənilib, binanın fasadı rənglənərək yenilənib.
Astara rayonunun Motlayataq kəndində yerləşən Firuz Teymurova məxsus “Firuzun balı” təsərrüfatına da layihə çərçivəsində dəstək göstərilib. Ərazisi 2 hektar olan təsərrüfatda arıçılıq, bağçılıq, maldarlıqla məşğul olunur. Dəstək tədbirləri nəticəsində təsərrüfatda təndir və sanitar qovşaq bərpa edilib, daş pilləkən tikilib, yelləncəklər, fotostend və rəngli lampalar quraşdırılıb. Qeyd edək ki, təsərrüfat sahibləri “Şəhərdən Kəndə” layihəsi çərçivəsində keçirilən “Aqroturizm və sahibkarlıq”, “Aqroturizmdə qonaqpərvərlik, təmizlik və qida işinin təşkili”, “Aqroturizmdə təməl marketinq bilikləri” təlimlərində iştirak ediblər.
“Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 267 təsərrüfat sahibi iştirak edib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 22 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib.