MƏDƏNİYYƏT
HEYKƏLTƏRAŞ MÜSLÜM ELDAROVUN XATİRƏ SƏRGİSİ AÇILMIŞDIR
Mərkəzdən AZƏRTAC-ın müxbirinə demişlər ki, sərgidə mərkəzin baş direktoru Rəfael Gülməmmədli, mədəniyyət nazirinin müavini, Azərbaycan MEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və başqaları çıxış edərək, yaradıcılığının çiçəkləndiyi bir dövrdə həyatdan qəfil getmiş mərhum heykəltəraş Müslüm Eldarovun qrafika və rəngkarlıq janrında yaratdığı əsərlərin, xüsusilə heykəltəraşlıq nümunələrinin sənətkarlıq məziyyətlərindən, müəllifin zəhmətsevərliyindən, vətəndaş təəssübkeşliyindən danışmış, xatirələrini söyləmişlər.
Qeyd olunmuşdur ki, son illər Müslüm Eldarovun rəhbərliyi altında fəaliyyət göstərmiş Bakı İncəsənət Mərkəzi bir sıra vacib siyasi-ictimai və mədəni tədbirlərin mərkəzinə çevrilmişdir. Məhz M.Eldarovun səyi nəticəsində Rusiya, Fransa, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri və başqa dövlətlərlə əməkdaşlıq genişləndirilmiş, rəssamlarımızın xarici ölkələrdə əsərlərinin sərgisi keçirilmişdir. Eyni zamanda, Müslüm Eldarov 1996-cı ildə Londonda açılmış Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri kimi də 7 il səmərəli fəaliyyət göstərmişdir.
Bakı Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov oğlunun xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Axırda rejissor Elxan Nəsibovun mərhum heykəltəraş Müslüm Eldarovun xatirəsinə həsr etdiyi “Dünya Müslümün gözü ilə” sənədli filmi nümayiş etdirilmişdir.
Sərgi sentyabrın 27-dək davam edəcəkdir.