REGİONLAR
Hacıqabul rayonunda suvarma mövsümü uğurla başa çatıb VİDEO
Bakı, 31 oktyabr, AZƏRTAC
Hacıqabul rayonunda suvarma mövsümü uğurla başa çatıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi rayonun 19 min hektara yaxın suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini, meşə zolağını və rayonun 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirir. Bundan başqa, idarə tərəfindən mülkiyyətdə olan meliorasiya və irriqasiya sistemlərinin istismarı təşkil edilir, bu sahənin inkişafı ilə bağlı digər işlər yerinə yetirilir. Əkinlərin su təminatının yaxşılaşması üçün cari ildə 270 kilometrdən artıq magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib. Beləliklə kanallar vasitəsi ilə əkin sahələrinə çatdırılan suvarma suyu maneəsiz olaraq ötürülüb. Həmçinin balansda olan nasos stansiyalara baxış keçirilib, nasazlıqlar aradan qaldırılaraq hər birinin fəaliyyəti saz vəziyyətdə saxlanılır.
2022-ci təsərrüfat ilinin əvvəlindən suvarmaların mütəşəkkil keçirilməsi, sudan səmərəli istifadə olunması, su itkilərinə yol verilməməsi, habelə suvarmaların növbəlilik qrafikinə əməl olunması istiqamətində xeyli iş görülüb. İdarə üzrə 17 ədəd hidrotexniki qurğu, 1000 metr beton kanallar, 1 mülki, 1 istehsalat binası, 1 ədəd nasos stansiya da cari təmir olunub. Nasos aqreqatları ilə əkinlərin suvarılması və qış otlaqlarında məskunlaşan təsərrüfatların içməli su ilə təmin etmək üçün su mənbələrindən 73130 min kubmetr su götürülüb.
Hacıqabul Suvarma Sistemləri İdarəsi tərəfindən ümumilikdə 2022-ci ildə ərzində 12285 hektar taxıl, 247 hektar pambıq, 252 hektar şəkər çuğunduru, 2155 hektar yem bitkiləri, 342 hektar bostan-tərəvəz, 343 hektar çoxillik əkinlər, 2500 hektar həyətyanı sahələr və digər kənd təsərrüfatı bitkilərinin suvarılması tam olaraq başa çatdırılıb.